Upload
lykien
View
227
Download
0
Embed Size (px)
Citation preview
2
Respublikanın ümumtəhsil məktəblərinin
9-cu sinifləri üçün “İngilis dili” dərsliyi
Müəlliflər: Zeydulla Ağayev
Arifə Rəsulova
Laləzar Muradlı
Bakı: Aspoliqraf, 2009.
Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq müzakirələrdə
bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış
YEKUN RƏY
3
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmun baxımından;
2. Dizayn və bədii tərtibat baxımından.
1. Məzmun baxımından
Dərslik 4 bölmə, 112 səhifədən ibarət olmaqla, hazırda respublikanın
ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramına uyğun tərtib olunmuşdur.
Dərsliyin sonunda Vocabulary, Programme verilmişdir. 1-ci bölmə 6, 2-ci bölmə 4,
3-cü bölmə 5, 4-cü bölmə isə 3 dərsdən ibarətdir. Hər bölmənin sonunda
Consolidation başlığı ilə tapşırıqlar verilmişdir.
Dərslik tədris proqramında nəzərdə tutulmuş mövzuları əhatə etmişdir. Dərslik
boyu müasir tədris metodlarından olan Pre-reading, Pair Work, Group Work kimi
tapşırıqlardan istifadə olunsa da, “think and discuss”, “think and compare” kimi
analitik tapşırıqlara gələcək nəşrlərdə daha çox yer ayrılması tövsiyə olunur.
Sadədən-mürəkkəbə doğru ardıcıllıq və varislik prinsipi gözlənilməmişdir. Şagirdin
dərslikdən sərbəst istifadə imkanı nisbətən məhduddur.
Təqdim olunan mətnlərin əksəriyyəti mövzu etibarilə şagirdlərə tanış olsa da, bir
sıra hallarda onlar yeni məzmunla zənginləşdirilməyə cəhd edilmişdir. Lakin buna
heç də bütün hallarda nail olunmamışdır. Bölmələr üzrə mətnlərin strukturu məntiqi
və xronoloji cəhətdən qarışıq, sistemsiz və nizamsızdır. Fəsillərdəki mövzular orada
qaldırılan problemin həllinə yönəldilmiş situasiyanı təsvir etmir. Tədris vahidləri,
dərslərin adı və mövzusu arasında uyğunsuzluq müşahidə olunur. Bir sıra hallarda
mətnlərdə yeni informasiya təklif olunsa da, həmin informasiya heç də şagird üçün
həmişə faydalı deyildir. Bəzən lazımi bilik əvəzinə, şagird üçün yorucu, vacib
olmayan material təqdim olunmuşdur. Məsələn, səhifə 37-də “England as seen by
Americans”, səhifə 58-də “The story of Hare and Mosquito” mətnləri daha aşağı
siniflərdə təqdim oluna bilərdi. Bəzi mətnlərin isə asanlaşdırılması və sadə dildə izah
edilməsinə ehtiyac vardır. Məsələn, səhifə 11-də mətndə işlənmiş “Apart from
English dictionaries of the familiar kind, there are also dictionaries of many
other kinds, which give useful and interesting information about other aspects of
the English language” cümləsi çox çətin struktura malikdir, 9-cu sinif şagirdinin yaş
səviyyəsinə uyğun deyil. Dərslikdə təqdim olunan bütün mətnlər maraqlı, şagirdlərin
yaş xüsusiyyətlərinə uyğun, düşündürücü olmalıdır. Təqdim olunan material bəzi
4
hallarda fənlərarası inteqrasiya üçün müəyyən yol açsa da, fəndaxili inteqrasiya üçün
yararlı deyil.
Dərslikdə oxu və dil üzrə materialların seçilməsi, paylanması və təqdimatında da
müəyyən disproporsiya müşayiət olunur.
Onu da qeyd etmək lazımdır ki, qrammatik qaydalar yeri gəldikcə verilmiş və
nümunələrlə müşayiət olunmuşdur. Lakin qrammatik materiala aid cümlələrin
tərcümələri də verilsə və qrammatik material həmin dərsə dair verilən mətndə də öz
əksini tapsa, daha yaxşı olar. Qrammatik qaydaların mətnlərlə əlaqəsi yoxdur.
Qrammatik qaydalar mətnlərdə işlədilməli və şagirdlərin praktik vərdişlərində əks
olunmalıdır. Qayda və tapşırıqlar qrammatikanın öyrədilməsində çox ənənəvidir.
Yəni qrammatik qayda nümunə və situasiya daxilində öyrədilməlidir. Bununla
yanaşı, dərsliyin sonunda qrammatik materialın digər dərsliklərdə olduğu kimi sxem,
diaqram və cədvəllərin köməyi ilə təqdim olunması şagirdlər üçün daha yaxşı olardı.
Dərslikdə qrammatik materialın çox olmasına baxmayaraq, praktik tapşırıqlar,
açıq və yarımaçıq tipli tapşırıqlar azdır. Tapşırıqların mövzularla əlaqəsi çox zəifdir
və yaradıcı, tənqidi təfəkkürün inkişaf etdirilməsinə yönəlməmişdir. Fonetik
tapşırıqlar, şagirdin özünü qiymətləndirmək üçün material isə ümumiyyətlə
verilməmişdir. Hər bölmədən sonra verilən Consolidation hissəsinə Azərbaycan
dilindən ingilis dilinə tərcümə bacarığını formalaşdırmaq üçün tapşırıqların salınması
məqsədəuyğun olardı.
Mətnlər öyrənildikdə yeni sözlərdən ibarət lüğət verilir ki, bu da dilin
öyrənilməsi baxımından çox vacibdir. Lakin bəzi hallarda mətnlərdə istifadə olunmuş
naməlum sözlərin izahına nə mətnaltı, nə də dərsliyin sonundakı lüğətdə rast gəlmək
olur. Lüğətdə sözlər (digər dərsliklərdə olduğu kimi) ifadə, sinonim və antonimlərlə
təqdim olunmur. Yeni söz və terminlərin izahı isə bəzi hallarda başqa bir lüğətə
ehtiyac doğurur. Burada işlək olmayan söz və ifadələrdən çox istifadə olunmuşdur.
Xüsusi isimlərin və çətin sözlərin tələffüz forması verilməmişdir.
Yuxarıda göstərilənlərlə yanaşı, ev oxusuna daha çox üstünlük verilməli, eləcə
də, dialoqların sayı artırılmalıdır.
Onu da qeyd etmək lazımdır ki, dərslikdə xeyli sayda səhvlərə də rast gəlinir.
Bunlar aşağıdakılardır:
Səhifə 3-də (Syllabus) Unit 2-də “Composite sentences” olmalıdır.
Səhifə 6-da “The Changing English Language” mətni verilmişdir. Mətn
əsasən ingilis dilindəki alınma sözlərin mənşəyindən bəhs edir. Mövzu tədqiqat
5
xarakterli bir mövzudur, yəni 9-cu sinif şagirdlərinə alınma sözlərin mənşəyini
öyrənməkdən daha çox, onların gündəlik həyatımızda necə işlənməsi önəmlidir.
İngilis dilinin lüğətinə daxil olan və gündəlik həyatda işlənən bir neçə sözün
verilməsi, şagirdlərin onların hansı dillərdən götürüldüyünü bilməsi ilə kifayətlənmək
olardı. Orta məktəbdə alınma sözlərin tarixinin öyrənilməsi dilin öyrənilməsində o
qədər də əhəmiyyət kəsb etmir. Yəni şagird üçün işlətdiyi sözün hansı mənşəli
olduğundan çox onu necə işlətməsi vacibdir. Özü də bunu möhkəmləndirmək üçün nə
bir tapşırıq, nə də ki test tapşırığı verilmişdir.
Səhifə 7-də Passive Voice-a dair məlumatda bütün zaman formaları təqdim
olunmamışdır (proqramda nəzərdə tutulmasına baxmayaraq). Modal fellərin,
sözönülü tamamlığın məchul növdə işlədilməsi haqqında da heç bir məlumat və
nümunə verilməmişdir. Verilən tapşırıqlar isə mövzunun mənimsənilməsi üçün
yetərli deyil. Qrammatik qaydanın və ondan sonra verilmiş tapşırığın mətnlə heç bir
əlaqəsi yoxdur. Mətndə də məchul növdə işlənmiş cümlələrin verilməsi yaxşı olardı.
Səhifə 8-də 3-cü tapşırıqda yaxşı olardı ki, zamanlar verilməsin və şagirdlər
özləri cümlənin zamanını, məlum və məchul növdə işlədilməsini müəyyən etsinlər.
Səhifə 9-da “Favourite Books” başlığı altında verilmiş tapşırıqlar tədqiqat
xarakterli, yəni sinifdaxili fəaliyyətdə tətbiq olunmayan mövzulardır. Yəni bu
mövzular hər hansı bir tədqiqatçının və alimin axtarışlarını əks etdirir. Tapşırıqların
şərti də həddən artıq yüklü və ağırdır. Kitabların müxtəlif növləri: xəritə, atlas,
ensiklopediya, lüğət, kulinariya, yol qaydaları, tibbi məlumat kitabları və s.
göstərilmişdir. Bu növ kitabların adlarını sadalamaqdansa, onlar haqqında müxtəlif
fikir və cümlələrdən ibarət məntiqi tapşırıqlar verilə bilərdi ki, şagirdlər bu fikirlərin
hansı kitab növünə aid olduğunu özləri seçsinlər.
Questions for discussion-da verilmiş 1-ci sualda “homes” əvəzinə, “houses,
libraries, book-cases” olması, daha aydın olardı.
Səhifə 9-10-da verilmiş 6-cı tapşırıqda Böyük Britaniyada və Azərbaycanda
qadın və kişilərin hansı kitabları aldıqları haqqında məlumat verilmişdir. Bu fikir
tamamilə yanlışdır. Müasir dövrdə kitabların oxunması ilə gender məsələsi arasında
heç bir əlaqə yoxdur, yəni hər iki cinsdən olan şəxslər bu kitabları oxuyurlar. Yaxşı
olardı ki, burada da kitabların növlərinə aid müxtəlif situasiyaları əks etdirən şəkillər
verilsin və şagird onunla bağlı problemin hansı kitabın köməkliyi ilə həll etməyin
mümkünlüyünü özü müəyyən etsin.
6
Səhifə 11-də “Dictionaries and how to use them” başlığı altında verilmiş mətn
məzmun baxımından maraqlı və reallıqla bağlı deyil. Cümlələrin strukturu və yazılışı
orta məktəb şagirdi üçün çox ağırdır. Mətnin sonuncu abzasında işlənmiş “apart
from” ifadəsinin izahı lüğətdə verilməmişdir.
Səhifə 12-də lüğətlərin işlənməsi haqqında verilən mətn 9-cu sinif şagirdinin yaş
xüsusiyyətlərinə uyğun deyildir. Yəni lüğətdən düzgün istifadə praktik bir işdir, bunu
müəllim dərs prosesində əyani şəkildə də öyrədə bilər. Dərslikdə belə mətnlərin tam
izahı ilə verilməsi şagirdin təfəkkürünün inkişafına təsir etmir. Bu üsul yalnız lüğət
yazanlar üçün bir istiqamətdir.
Səhifə 13-də verilmiş tapşırıqlar da şərtin tələbinə görə şagird üçün çox ağırdır
və demək olar ki, bunu 9-cu sinif şagirdi yerinə yetirə bilməz.
Səhifə 14-də -able şəkilçisinin izahındakı nümunələr (skateboardable,
affordable) çox az işlənən sözlərdir. Yaxşı olardı ki, qaydanın izahında işlək
sözlərdən istifadə edilsin. 6-cı tapşırığın yerinə yetirilməsi üçün nümunə verilməsi
daha məqsədəuyğun olardı.
Səhifə 15-də “The Knowledge Challenge” mətnində çoxlu sayda xüsusi adlar
işlənmişdir (Samuel Johnson, Lichfield Grammar School, Pembroke College və
s.). Bu isimlərin tələffüz forması da verilsə idi, daha yaxşı olardı. Eyni zamanda,
mətndə çoxlu sayda tarixi rəqəmlər işlənmişdir. Həmin mətnin axırdan əvvəlki
cümləsində “began A Dictionary” deyil, “began compiling A Dictionary” olmalı idi.
9-cu tapşırığın şərti çox uzundur. Şərtdə verilmiş 2-ci cümlə (Make a note against
each one of where you would seek information about it) qısaca olaraq, “Match the
two sides” kimi verilə bilərdi.
Səhifə 16-da “A.S. Hornby” mətnində fənnin adı kiçik hərflə verilmişdir.
“English literature” olmalıdır. Mətnin 2-ci sətrində isə “the English language”
olmalıdır. 4-cü sətirdə “later” sözündən sonra vergül qoyulmamalıdır.
Səhifə 17-də 10-cu tapşırığın 1-ci və 2-ci cümlələrində “literature” sözündən
əvvəl “the” artikli olmalıdır. 6-cı cümlədə “began compiling A Dictionary” olmalıdır.
Həmin səhifədə “319 Golden Pages” mətnində “Kashgharli” adında ikinci “h”
hərfinə ehtiyac yoxdur.
Səhifə 18-də 11-ci tapşırıqda “contents page and index” sözləri arasında
fərqlərin izahı tələb olunur. Lakin həmin sözlərin mənası səhifə 22-də verilir.
Səhifə 19-da “You, the reader” başlığı o qədər də anlaşıqlı deyildir. Mövzu
oxu bacarıqlarının formalaşmasına aiddir. Mövzuya dair yaradıcı tapşırıqlar
7
verilməmişdir. 1-2-ci tapşırıqlar yalnız oxu qaydaları və kitab növləri haqqındadır. 3-
cü tapşırıq ümumi suallardan ibarətdir, yəni suallar “bəli” və ya “xeyr”lə
cavablandırılacaq.
Səhifə 20-də Substantivized Adjectives haqqında qrammatik material çox
dolaşıqdır. 6-cı tapşırıqda verilən şərt çox uzundur. 7-ci tapşırığın 3-cü bəndində “it”
əvəzinə, “him” əvəzliyi olsa idi, daha düzgün olardı.
Səhifə 21-də qrammatik qaydanın izahında “...either a language or a people”
olmalıdır.
Səhifə 22-də “In the Book” başlığı altında kitabların tərtibatı və daxili strukturu
haqqında sxem verilmişdir. Yəni kitabın mündəricatı, indeksi və əlifba sırası ilə
yazılışı uşaqları kitab oxumağa həvəsləndirmir, əksinə həvəsi azaldır. Bu məlumat
şagirdlərə yox, nəşrlə məşğul olanlara izah edilməlidir. 11-ci tapşırığın şərti “Match
these extracts from the books with above given A, B, C” kimi verilsə idi, düzgün
olardı.
Səhifə 23-də 13-cü tapşırıqda verilmiş sitatların mövzu ilə birbaşa əlaqəsi
yoxdur. Sitatların yadda qalması üçün isə yaradıcı tapşırıqlar verilməli idi. 4-cü
sitatda “gave” əvəzinə, “give” olmalıdır.
Səhifə 24-də mətndə “Why do you do that?” sualı davamedici zamanda
verilməli idi. Çünki hərəkət baş verərkən sual və onun cavabı da davamedici zamanda
verilir. Kursivlə verilmiş 2-ci abzasda “it means someone got into trouble” deyil,
“it means someone gets into trouble” olmalıdır. Çünki cümlənin ardı da indiki
zamandadır. Orada işlənmiş “a pig in a poke, a wet blanket, It’s raining cats and
dogs” idiomlarının izahı verilsə idi, daha yaxşı olardı. Vocabulary hissəsində
“violence” sözünün izahında verilmiş “Scenes of violence are in the films for
children must be prohibited” cümləsində “are” artıqdır.
Səhifə 25-də kursivlə verilmiş 2-ci cümlədə “the” artikli artıqdır. Çünki burada
söhbət ingilis dilindən gedir. Həmin səhifədə verilmiş idiomların yadda qalması üçün
tapşırığın verilməsi məqsədəuyğundur.
Səhifə 26-da 4-cü tapşırığı yerinə yetirmək üçün nümunə verilsə idi, yaxşı
olardı.
Səhifə 27-də “Varieties of English” mətninin məzmunu ilə başlığı uyğun
gəlmir. Bu mövzu ingilis dilində danışıq və yazının vacibliyindən, fərqindən və
işlənməsindən bəhs edir. İngilis dilində həm yazılı, həm də şifahi nitqi inkişaf
etdirmək üçün dörd məzmun xətti əsasdır. Dinləyib-anlama, danışma, oxu və yazı
8
bacarıqlarının birgə tətbiqi xarici dilin mənimsənilməsində daha önəmlidir. Mətndə
isə danışıq və yazı bacarıqları haqqında danışılır. Vocabulary hissəsində “wreck”
sözünün izahında artikl buraxılmışdır (“a vechile”, “a building” olmalıdır).
Səhifə 28-də verilmiş qrammatik material (Even if) mətndə heç bir cümlədə
istifadə olunmamışdır. Həmin qrammatik materialın mətndə də istifadə olunması
məqsədəuyğundur.
Səhifə 29-da 1-ci mətnin adında (The importance and significance of names)
sinonim sözlər işlədilmişdir. Mətnin 1-ci cümləsi “Names play a big role in our lives”
kimi olmalıdır. Həmin mətndə 2-ci abzasın son cümləsi “...if you try to find it out”
kimi olmalı idi. “Azerbaijani names” mətninin 2-ci abzasında “...some names were
dealt with the history of Islam...” cüməsində “were” artıqdır.
Səhifə 30-da dialoqda mənasız bir söhbət gedir. Bu söhbətdə “Albert” adını
bəyənməyən qadın digər bir adı təqdim edir. Adların pis və yaxud yaxşı
səslənməsinin şagirdi nə haqqında düşünməyə vadar edəcəyi məlum deyil.
Dialoqdakı xüsusi isimlərin (Warefiled, Rupert, Crispian Dominic Buggins və s.)
tələffüz forması verilsə idi, yaxşı olardı.
Səhifə 31-də Britaniya adlarının mənaları verilmişdir. Bu adların əzbər
öyrənilməsi tamamilə lüzumsuzdur. Sağda verilmiş çərçivədə “In Scotland these
names...” deyil, “In Scotland the names...” olmalı idi.
Səhifə 32-də 6-cı tapşırığın şərtində “...try prove their origin” deyil, “try to
prove their origin” olmalıdır.
Səhifə 33-də verilmiş Consolidation-da 1-ci tapşırığın ilk cümləsində “Chine”
deyil, “China” olmalıdır. 2-ci tapşırığın 6-cı cümləsinin məchulda verilməsi düzgün
deyil. 8-ci cümlədə nöqtələrin yerinə “compliation” sözü yazılmalıdır, tapşırığın
şərtində isə “compile” feli verilmişdir. 3-cü tapşırığın f bəndində fel “could be
written” kimi işlənməlidir, lakin modal fellərin məchulda işlənməsi barədə
qrammatik qayda verilməmişdir.
Səhifə 36-da Pre-reading-də sonuncu sualda “came” əvəzinə, “come”
olmalıdır. “The British and the Americans as seen by others” başlığı ilə verilən
mətndə Amerika ingilislərin gözü ilə verilmişdir. Bob ilə Şeylanın söhbətində
Nyu-Yorkda insanların kobud, bir-birini küçəni keçərkən itələmələri haqqında
danışılır. Bu fikir isə tamamilə səhvdir. Mətnin məzmununda fikir anlaşılmazlığı
vardır. Britaniyalıların bir şeyi düşünüb, başqa cür danışmaları təqdim olunub. Digər
ölkələrin milli dəyərlərinə toxunmaq etik cəhətdən düzgün sayıla bilməz. Eləcə də,
9
“England as seen by Americans” mətnində ingilislərə Amerikada hörmət olunduğu,
amerikanlara isə əksinə, İngiltərədə az hörmət olunduğu göstərilir. Amerikanların
ictimai davranışı yaxşı təbliğ olunmayıb.
Səhifə 38-də 3-cü tapşırığın 7-ci cümləsinə “...in the street” əlavə olunmalıdır.
Səhifə 40-48-də bir dərs ərzində 6 qrammatik material verilmişdir. Qrammatik
materialın sayını azaltmaq məqsədəuyğundur.
Səhifə 40-da tapşırıq 1-də verilən şərt çox genişdir. Dərs başlayan kimi
şagirdlərə ingilislərin yeməyi haqqında geniş məlumat verilməli idi. Dərsin əvvəlində
bu barədə heç bir məlumat olmadan şagird bu cür sualları cavablandırmaqda çətinlik
çəkəcək.
Səhifə 44-də Adverbial Clause of Time haqqında qrammatik material qarışıq
şəkildə verilmişdir. Qrammatik qaydanın izahında 1-ci cümlədə xəbər “shows”
olmalıdır.
Səhifə 47-də “Azerbaijan Food” mətni əvvəlki mətnlə (“Food in America”)
əlaqəli şəkildə verilsə, daha məhsuldar olardı. Həmin mətndə 1-ci sütunun sonuncu
abzasında “made rice” deyil, “made of rice” olmalıdır. 2-ci sütunun axırında
“...when guests come...”-dan sonra vergül qoyulmalıdır. Növbəti sətirdə
“accompanied” sözünün yazılışı səhv verilmişdir. Yenə orada “various of jams”
deyil, “various kinds of jams” olmalıdır.
Səhifə 48-də 12-ci tapşırığın şərti “Write questions to given answers and ask
your partner to answer them” kimi olsa idi, daha düzgün olardı. “Too, also, either”
haqqında qrammatik məlumat tam ətraflı deyildir. Qrammatik qaydada “too=very”
verilməsi düzgün deyil.
Səhifə 51-də 3-cü tapşırığın 2-ci cümləsində “...go to the restaurant” əvəzinə,
“...going to the restaurant” olmalıdır. “Pubs in Britain” mətni şagirdlərin yaş
xüsusiyyətlərinə o qədər də uyğun deyil.
Səhifə 52-də 4-cü tapşırığın 7-ci cümləsində “but”-dan sonra “you” əvəzliyi
işlənməli idi.
Səhifə 54-də Did you know...? başlığı ilə verilmiş mətnin sonuncu cümləsində
“which are rich in vitamin C” deyil, “which is rich in vitamin C” olmalıdır.
Səhifə 56-da Describing Symptoms hissəsində “Here are some other common
descriptions of things that are wrong” cümləsi ilə yanaşı, düzgün forma da
verilməlidir.
10
Səhifə 57-də 4-cü tapşırığın 4-cü cümləsində “arrive” felindən sonra məsdər
məqsəd zərfi kimi işlənə bilmədiyi üçün onun əvəzinə, “come” felinin verilməsi
məqsədəuyğun olardı.
Səhifə 59-da mətndən sonra verilmiş 3-cü sual keçmiş zamanda olmalıdır.
Səhifə 60-da 1-ci tapşırıqda 9-cu cümləni (Although it is still against the law
to serve alcohol to anyone under 18, pubs are now trying to encourage families)
başqası ilə əvəz etmək məqsədəuyğundur. 3-cü tapşırıqda “too, also, either, too
many, too much” sözlərinin düzgün yerinə qoyulması tələbi qoyulmuşdur. Səhifə
48-də bu barədə qrammatik material olsa da, yalnız nümunə cümlələr verilmiş, heç
bir izahat verilməmişdir. Burada keçilmiş qrammatik materialın möhkəmləndirilməsi
üçün heç bir tapşırıq verilməmişdir.
Səhifə 61-88-də verilmiş 3-cü bölmədə bəzi mövzular Headway Intermediate-
dən köçürülmüşdür.
Səhifə 63-də verilmiş “Medical Science” mətninin 3-cü sətrində “benefited
by” deyil, “benefited from” olmalıdır.
Səhifə 64-də Vocabulary-də “abuse” sözünün transkripsiyası səhv verilmişdir.
Grammar Focus-da verilmiş 3-cü cümlədə “but” bağlayıcısından sonrakı hissə
artıqdır.
Səhifə 65-də 6-cı tapşırığın şərti “Write 5 facts you used to do in the past but...”
şəklində olsa idi, daha dəqiq olardı.
Səhifə 68-də “Why do they drive on the left in Britain and on the right in
other countries?” sualının cavabında 7-ci sətirdə “match” əvəzinə, “march”
olmalıdır. Vocabulary hissəsində “impose” sözünün izahında, mötərizədə verilmiş
“one is” “one’s” şəklində olmalıdır.
Səhifə 74-də 2-ci tapşırığın şərti aydın deyil.
Səhifə 79-da “ditch” sözünün izahında “between fields” olmalıdır. 3-cü
tapşırığın yerinə yetirilməsi üçün nümunə verilməsi məsləhətdir.
Səhifə 80-də qrammatik qaydanın izahında 1-ci cümlədə “different members
of a sentence” əvəzinə, “homogenious members of a sentence” olmalıdır. Nümunə
kimi verilmiş 1-ci cümlədə “talanted” deyil, “talented” olmalıdır. 6-cı tapşırığın şərti
çox genişdir. Tapşırığın yerinə yetirilməsinə dair nümunənin verilməsi yaxşı olardı.
Səhifə 81-də 7-ci tapşırıqda verilmiş 7-ci idiomun izahında “this” əvəzinə,
“his” əvəzliyi işlənməli idi. Bu idiomlara aid yaradıcı tapşırığın verilməsi
məsləhətdir.
11
Səhifə 84-də mətndən sonra verilmiş 1-ci cümlədə xəbər “was survived”
əvəzinə, “has survived” kimi olmalıdır.
Səhifə 86-da qrammatik qaydada “a number of, the number of” ifadələrinin
Azərbaycan dilinə nə cür tərcümə olunmasının verilməsi məqsədəuyğundur.
Qaydanın altında verilmiş tapşırığın 2-ci cümləsində “the number of applicants”
əvəzinə, “a number of applicants” olmalı idi.
Səhifə 87-də 8-ci tapşırığın 4-cü cümləsi şərtə uyğun gəlmədiyi üçün
çıxarılması məsləhətdir. Şərtdə budaq cümlənin növünün təyin edilməsi tələb olunsa
da, 4-cü cümlədə budaq cümlə yoxdur.
Səhifə 88-də 3-cü tapşırığın 2-ci cümləsində “once a year” olmalıdır. 4-cü
tapşırığın 5-ci cümləsində “...he is tired a lot” əvəzinə, “...he is very tired” olsa,
yaxşı olar. 7-ci cümlədə “on its place” əvəzinə, “in its place” olmalıdır.
Səhifə 89–104-də “Discoveries and Inventions” başlığı altında verilən bütün
mətn və tapşırıqlar şagird maraqlarından uzaqdır. Bir çox mövzular kimi bu mövzular
da tədqiqat xarakterlidir. Müsəlman alimlərin ixtiraları, çap işinin tarixi, kalliqrafiya,
İslam mədəniyyəti və s. haqqında material şagirdlərin yaş xüsusiyyətlərinə o qədər də
uyğun material deyil. Bu mövzuların əvvəlki mövzularla məntiqi ardıcıllığı yoxdur.
Səhifə 92-də 4-cü “Can you name of ancient and modern mathematicians of
Azerbaijan?” sual cümləsində 1-ci “of” sözönüsü artıqdır.
Səhifə 93-də 6-cı tapşırığın 1-ci cümləsinə “was” əlavə olunmalıdır.
Səhifə 94-də 7-ci tapşırığın 5-ci cümləsində “latter” deyil, “letter” olmalıdır.
6-cı cümlədə “this country” deyil, “his country” olmalıdır.
Səhifə 95-də “Printing by hand” mətninin 3-cü abzasının sonunda “leafs”
deyil, “leaves” olmalıdır.
Səhifə 97-də “Islamic art” mətnindən sonra verilmiş suallar daha zəngin və
mətnlə əlaqəli olsa idi, məqsədəuyğun olardı.
Səhifə 98-də qrammatik qaydada “so+adjective/ adverb/ adverb phrase+
so...that+clause” strukturu 2 dəfə təkrarlanıb. 3-cü struktur “such+(a/an)+(adj.)+
noun+that+clause” kimi olsa, daha dəqiq olar.
Səhifə 104-də “Şərt budaq cümləsi” ilə bağlı materialın dərsliyin sonunda
verilməsi metodik cəhətdən düzgün deyil, bir az əvvələ salınması daha yaxşı olardı.
Səhifə 106-da “brides” sözü lüğətdə təkdə verilməli idi. “Collapse” sözü 2
dəfə verilmişdir, “blood” sözünün tərcüməsində isə “qan” sözündən sonra vergül
qoyulmamalıdır.
12
Səhifə 107-də “extend” felinin rus dilinə tərcüməsi “расширяться” kimi də
verilsə idi, daha düzgün olardı. “Framework” isminin rus dilinə tərcüməsi “рама”
deyil, “рамка” olmalıdır.
Səhifə 108-də “lighthouses” sözü təkdə verilməlidir.
Səhifə 109-da “quiz” sözünün Azərbaycan və rus dillərinə tərcüməsi üst-üstə
düşmür.
2. Dizayn və bədii tərtibat baxımından
Dərsliyin dizaynı ümumilikdə qənaətbəxşdir və 9-cu sinif şagirdlərinin qavrama
səviyyəsindədir, materialların təqdimatında kifayət qədər illüstrasiyalardan istifadə
olunmuşdur. Lakin dərsliyin ölçüsü bir qədər böyükdür.
Səhifə 16-17-də “319 Golden pages” mətnində “Divani-lüğət-it-türk”, “Sihah
ül-əcəm”, “Lüğəti-rusi və türki” və “Rusi-türki və türki-rusi” adlarının mətnin
şriftinə uyğun verilməsi yaxşı olardı.
Nəticə
1. Dərslikdə tədris proqramındakı mövzular əsasən əhatə olunub.
2. Dərslikdə şagirdlərin yaş xüsusiyyətləri əsasən nəzərə alınıb.
3. Dərslikdəki material şagirdlərin müvafiq fənn üzrə bilik və bacarıqlarının
əsasən formalaşdırılmasına imkan verib.
4. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının
Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap
olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Həmçinin forzas
səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında Əsasnamə”nin
təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli
Qanununun tələblərinə uyğun çap olunmayıb. Bundan əlavə, dərslikdə Azərbaycan
Respublikasının dövlət rəmzlərinin təsvirlərinin Azərbaycan Respublikasının dövlət
rəmzləri haqqında Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində
verilən ardıcıllıqla (Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan
Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himni) çap
olunması daha məqsədəuyğun olardı.